published on
Gizli Kəlamlar
کلمات مکنونه
O, Nurluların Nurlusudur!
Bu, İzzət Cəbərutundan qüvvət və qüdrət dili ilə keçmiş peyğəmbərlərə nazil olanlardır. Biz onun cövhərini alıb, ona öz fəzlimizlə möminlər üçün müxtəsərlik donu geyindirdik, ta ki, onlar Allahın Əhdinə vəfa edərək və öz həyatlarında Onun əmanətlərinə sadiq qalaraq, ruh aləmində möminlik cövhərini əldə etsinlər.
1. EY RUH OĞLU! Mənim ilk nəsihətim budur: pak, gözəl və nurlu bir ürəyə malik ol ki, əzəli, əbədi, daimi və qədim bir səltənətə sahib olasan.
2. EY RUH OĞLU! Mənim nəzərimdə ən sevimli şey insafdır; Məni istəyirsənsə, ondan üz çevirmə. Ondan qafil olma ki, Mənim yanımda əmin tanınasan. Bunun köməyi ilə sən bir şeyi başqalarının gözü ilə deyil, öz gözünlə görərsən və heç kəsin biliyi ilə deyil, öz biliyinlə tanıyarsan. Bunu özün düşün, sənə yaraşan nədir. Həqiqətən, insaf Mənim sənə bir bəxşişim və sənə inayətimin bir əlamətidir. Onu gözünün önündə saxla.
3. EY İNSAN OĞLU! Zatımın qədimliyində və varlığımın əzəliyyətində idim. Öz məhəbbətimi səndə gördüm, səni yaratdım. Və səni Öz surətimdə yaratdım və Öz Camalımı sənə açdım.
4. EY İNSAN OĞLU! Yaradılışını sevdim, odur ki, səni yaratdım! İndi Məni sev ki, səni anım və qəlbini həyat ruhu ilə doldurum.
5. EY VARLIQ OĞLU! Məni sev ki, Mən də səni sevim. Sən Məni sevməsən, Mənim məhəbbətim sənə heç vəchlə çatmaz. Bunu bil, ey bəndə!
6. EY VARLIQ OĞLU! Sənin Cənnətin Mənim məhəbbətimdir. Sənin səmavi məkanın Mənimlə vüsalındır. Oraya daxil ol, gecikmə. Uca Mələkutda və Ali Cəbərutda sənin üçün təqdir olunan budur!
7. EY BƏŞƏR OĞLU! Məni sevirsənsə, özündən üz çevir. Mənim razılığımı istəyirsənsə, öz istəyinə göz yum. Beləcə, sən Məndə fani ol ki, Mən də səndə əbədi yaşayım.
8. EY RUH OĞLU! Özündən üz çevirib Mənə dönməyincə, sənə rahatlıq təyin olunmayıb. Çünki sənə yaraşan öz adınla deyil, Mənim adımla şərəflənməkdir, özünə deyil, Mənə təvəkkül etməkdir. Çünki hər şeydən əvvəl Mən, tək Mən sevilmək istəyirəm.
9. EY VARLIQ OĞLU! Sevgim Mənim qalamdır. Oraya daxil olan kəs nicat tapar və əmin-amanlıqda olar; ondan üz çevirən kəs isə yolunu azar və həlak olar.
10. EY BƏYAN OĞLU! Mənim qalam sənsən: ona daxil ol ki, salamat olasan. Mənim məhəbbətim səndədir: onu özündə duy ki, Məni yaxınlığında tapasan!
11. EY VARLIQ OĞLU! Sən Mənim çırağımsan və Mənim işığım səndədir. Ondan nur al və Məndən başqasını axtarma. Çünki Mən səni zəngin yaratmışam və nemətlərimi sənə tam vermişəm.
12. EY VARLIQ OĞLU! Səni qüvvət əllərilə yaratdım, qüdrət barmaqları ilə xəlq etdim. Nurumun cövhərini səndə əmanət qoydum. Buna razı ol və başqa bir şey axtarma. Mənim əsərim kamil və hökmüm nüfuzludur. Ona şəkk etmə və şübhə ilə yanaşma.
13. EY RUH OĞLU! Səni zəngin yaratdım, nə üçün yoxsulluğa yuvarlanırsan? Səni əziz yaratdım, nə üçün özünü zəlil tutursan? Səni elm cövhərindən zahir etdim, nə üçün məndə deyil, başqasında elm axtarırsan? Səni məhəbbət gilindən yoğurdum, necə Məndən başqası ilə məşğulsan? İndi dön özünə bax ki, Məni özündə qüvvətli, qüdrətli və qəyyum tapasan.
14. EY İNSAN OĞLU! Sən Mənim mülkümsən, Mənim mülküm fani olmaz, nə üçün fani olmağından qorxursan?! Sən Mənim nurumsan və Mənim nurum sönməz, nə üçün öz sönməyindən üzülürsən? Sən Mənim Cəlalımsan, Mənim Cəlalım heç vaxt solmaz. Sən Mənim köynəyimsən, Mənim köynəyim heç vaxt köhnəlməz. İndi Məni Məhəbbətimin kölgəsində dincəl ki, Məni Ən Uca Üfüqdə tapasan.
15. EY BƏYAN OĞLU! Üzünü Üzümə çevir, Məndən başqa hər kəsdən üz döndər; çünki Mənim səltənətim əbədidir və heç vaxt dağılmaz. Mənim mülküm daimidir, əsla dəyişilməz. Kainatı başdan başa axtarsan da, Məndən başqasını tapa bilməzsən.
16. EY NUR OĞLU! Məndən başqasını unut və Mənim ruhumla ünsiyyətdə ol. Bu Mənim Əmrimin cövhəridir, ona tərəf dön.
- Genre
- Ambient